9 oktyabr tarixində ADPU-nun Quba filialının Doktorant və Gənc Tədqiqatçılar Şurasının(DGTŞ) 2021-2022-ci tədris ilində görüləcək işlərin planlaşdırılması mövzusunda onlayn görüş keçirilmişdir.
Görüşdə filialın direktoru dosent Yusif Alıyev, AAK şöbə müdiri, dosent Sakin Cabbarov, filialın DGTŞ sədri Elbrus Əhmədov, Şuranın üzvləri iştirak etdi.
Tədbiri giriş sözü ilə açıq elan edən DGTŞ-nın sədri Elbrus Əhmədov filialın direktoru dosent Yusif Aliyevi və konfrans iştirakçılarını salamlayıb, onların gələcək elmi fəaliyyətlərində uğur qazanmaları üçün sədr kimi əlindən gələcək köməkliyi edəcəyini diqqətə çatdırıb, qısa olaraq qarşıda duran vəzifələrdən söz açıb, çıxış üçün sözü direktor Yusif Aliyevə verdi.
Dosent Yusif Alıyev əvvəlcə hər bir kəsi salamlayaraq, doktoranturada təhsil alan hər bir müəllimə uğurlar arzu etmişdir:
"Bizdə bir çox sahədə olduğu kimi, Filial olmağımıza baxmayaraq, dissertantlarımızın götürdüyü mövzular Azərbaycanda ya tədqiq olunmamış, ya qismən tədqiq olunmuş, ya da ola bilsin ki, koordinasiya baxımından hələki bu sahənin tədqiqatçıları bir-biri ilə elə də sıx əlaqədə olmamış ola bilər. Əvvəla Doktorant və Gənc Tədqiqatçılar Şurası olaraq bu tədbirlərin keçirilməsi tək bir nəfərin üstünə düşəcək bir şey deyil, çünki bizim doktorantların hər biri kifayət qədər öz sahəsi üzrə bilgili, məlumatlı olduğuna görə bu sahədəki təcrübələrini də digərləri ilə bölüşməlidirlər. Çünki istənilən halda elə bir mövzular var ki, məsələn doktorantlarımızdan biri öz elmi rəhbəri ilə belə mövzularla müzakirə edərkən bunu bilmiş olur və bu zaman o öz əldə etdiyi nəticələrini digərlərinə də aşılaya bilər.
DGTŞ filialda özü özlüyündə bir tənzimləyici orqandır. Mən burada fəaliyyətə başladığım ilk zamanlarda bu Şuranın yaradılması məsələsinə həssaslıqla yanaşmışam. Çünki bizim Filialın inkişafi məhz DGTŞ inkişafı ilə bağlıdır. Ona görə ki, bu Şurada yetişən kadrlar- doktorantlarımız mütləq şəkildə, sözün hər tərəfli və həqiqi mənasında filial rəhbəri olaraq mənim ehtiyac duyduğum insanlar bu sahədə, bu yöndə cəmləşiblər. Təəssüflər olsun ki, demək olar son iki il ərzində baş vermiş pandemiya şəraiti bu fəaliyyətdə bir sıra çətinliklər yaratmış oldu. Amma düşünürəm ki, bu şəkildə silsilə görüşlərin keçirilməsi tədqiqatçılarımız üçün çox önəmlidir. Və mən düşünürəm ki, artıq bu yolu keçib bitirmiş əməkdaşlarımız, müəllimlərimiz də öz qazandıqları təcrübəni Sizlərlə də bölüşəcək, əlindən gələni Sizlərdən əsirgəməyəcəkdir.
Mən təkcə bu Filialın direktoru kimi yox həmçinin, bir həmkar, bir müəllim, bir tədqiqatçı olaraq Sizlərə fəaliyyətlərinizdə, araşdırmanızda uğurlar arzulayıram və ümid edirəm ki, Sizlərin tədqiqatını aparmış olduğunuz bu işlər, Azərbaycana, Azərbaycan elminə böyük töhfələr vermiş olacaqdır. Hər birinizə uğurlar."
Sonda çıxış edən Ali Attestasiya Komissiyasının sektor müdiri f.ü.f.d. Sakin Cabarov gənc alimlərin suallarını cavablandırıb, onların sualları ətrafında əhatəli məlumat verib.
Daha sonra isə DGTŞ-nın üzvləri olan doktorant və dissertantlar qısa olaraq 2021-ci il ərzində elmi tədqiqat sahəsində gördükləri işlər, öz hesabatları ilə çıxış etdilər.
Doktorant və disertantların illik hesabatları diqqətlə dinlənilərək onların dissertasiya işlərinin və ümumi tədqiqatlarının vəziyyəti qiymətləndirildi.
Mövcud pandemiya şəraiti ilə əlaqədar tədqiqat işlərində yaranan məsələlər müzakirə olundu.
Hesabat görüşündə həmçinin müəyyən qərarlar qəbul edildi.